(Ya Məhəmməd!) Yoxsa əshabi-kəhfin və Rəqimin (mağara və Rəqim əhlinin) ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən? (Xeyr, bu Bizim qüdrətimiz qarşısında adi bir işdir!)

(Əl-kəhf surəsi 9-cu ayə)

 

(Ya Məhəmməd!) Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver! (Bizi kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola yönəlt!)” – demişdilər.

(Əl-kəhf surəsi 10-cu ayə)

 

Biz onları mağarada illərlə (üç yüz doqquz il) yuxuya verdik.

(Əl-kəhf surəsi 11-ci ayə)

 

Sonra iki tayfadan (möminlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.

(Əl-kəhf surəsi 12-ci ayə)

 

 (Ya Məhəmməd!) Biz onların xəbərini sənə doğru söyləyirik. Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini (imanını, səbatını və bəsirətini) artırmışdıq.

(Əl-kəhf surəsi 13-cü ayə)

 

Onlar durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə küfr danışmaqda həddi aşmış, ifrata varmış olarıq!” – dedikləri zaman onların ürəklərinə qüvvət, mətanət vermişdik.

(Əl-kəhf surəsi 14-cü ayə)

 

Bizim bu camaat (qövmümüz) Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrılarına (ibadət etməyin düzgün olması haqqında) bir dəlil gətirməli deyillərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalim (özünə zülm edən) kim ola bilər?!

(Əl-kəhf surəsi 15-ci ayə)

 

Gənclərin başçısı, yaşca böyüyü Təmlixa yoldaşlarına belə demişdi: “Onları və Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin. (Əgər belə etsəniz) Allah sizə (hər iki dünyada) böyük mərhəmət bəxş edər və işinizi asanlaşdırar (sizə kafirlərdən nicat verər, düşmənlərdən qoruyub saxlayar)”.

(Əl-kəhf surəsi 16-cı ayə)

 

 (Ya Məhəmməd! Əgər o zaman onlara baxsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini (mağaranın içinə düşüb onları yandırmadığını), onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını (küləyin onları oxşadığını və rahat nəfəs aldıqlarını) görərdin. Bu, Allahın möcüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı şəxsə isə əsla doğru yolu göstərən bir rəhbər tapa bilməzsən!

(Əl-kəhf surəsi 17-ci ayə)

 

Gözləri açıq olduğu üçün onlar yuxuda ikən sən onları oyaq sanardın. Torpağın rütubəti bədədnlərini çürütməsin deyə Biz onları sağa-sola çevirirdik. Onların iti də iki əlini (qabaq pəncələrini) mağaranın astanasına uzadıb yatmışdı. Əgər sən onları bu vəziyyətdə görsəydin, yəqin ki, səni dəhşət bürüyər və qorxudan dönüb qaçardın.

(Əl-kəhf surəsi 18-ci ayə)

 

Gəncləri illərlə yatırtdığımız kimi beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə oyatdıq. Onların biri dedi: “Mağarada nə qədər qaldınız?” Onlar: “Bir gün və ya bir gündəndə az!” – deyə cavab verdilər. Onların bəzisi isə belə dedi: “İndi birinizi bu gümüş pulunuzla şəhərə göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək) gətirsin. O, çox ehtiyyatlı olsun (ağıllı hərəkət etsin) və sizin barənizdə heç kəsə bir xəbər, nişan verməsin!

(Əl-kəhf surəsi 19-cu ayə)

 

Doğrusu, onlar sizi ələ keçirsələr, ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə döndərəcəklər. Belə olacağı təqdirdə, siz (nə dünyada, nə də axirətdə) nicat tapa bilməzsiniz!”

(Əl-kəhf surəsi 20-ci ayə)

 

İnsanları onların halı ilə beləcə tanış etdik ki, Allahın (öləndən sonra məxluqatın diriləcəyi haqqındakı) vədinin doğru olduğunu və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər. O zaman (möminlər  və kafirlər) öz aralarında onların (əshabi-kəhfin) işi (və ya insanın öləndən sonra dirilib-dirilməyəcəyi, dirilmənin yalnız ruhla, yaxud ruh və bədənlə birlikdə olacağı kimi dini məsələlər) barəsində mübahisə edirdilər. Nəhayət, əshabi-kəhf  öldükdən sonra kafirlər dedilər: “Onların üstündə bir bina tikin. Rəbbi onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə etiqad etdiyini daha yaxşı bilir!” Əshabi-kəhf haqqındakı mübahisədə qalib gələnlər (möminlər) isə: “Onların məzarı üstündə Allaha ibadət etmək məqsədilə bir məscid tikəcəyik!” – dedilər.

(Əl-kəhf surəsi 21-ci ayə)

 

Kitab əhlindən əshabi-kəhfin sayı barəsində mübahisə edənlər sanki qaranlıq yerə daş ataraq: “Onlar üçdür, dördüncüsü köpəkləridir”, - deyəcəklər. Bəziləri: “Onlar beşdir, altıncısı köpəkləridir!” – deyəcəklər. Digərləri (möminlər) isə “Onlar yeddidir, səkkizincisi köpəkləridir!” – söyləyəcəklər. (Ya Məhəmməd!) De ki: “Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan isə) bunu bilən çox azdır!” (Ya Rəsulum!) Əshabi-kəhf barəsində yalnız sənə açıq-aşkar nazil olan ayələrə əsaslanıb onlarla mübahisə et (Quranda olanlarla kifayətlənib çox dərinə getmə) və (kitab əhlinin) heç birindən onlar haqqında bir şey soruşma!

(Əl-kəhf surəsi 22-ci ayə)

 

Və heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” – demə!

(Əl-kəhf surəsi 23-cu ayə)

 

Ancaq: “İnşallah Əgər Allah istəsə; Allah qoysa edəcəyəm!” – de. İnşallah deməyi unutduğun zaman Allahı yada salıb: “Ola bilsin ki, Allah məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin ” – de.

(Əl-kəhf surəsi 24-ci ayə)

 

Onlar mağarada üç yüz doqquz il qaldılar. (Üç yüz il qaldılar, üstünə bir doqquz il də əlavə olundu).

(Əl-kəhf surəsi 25-ci ayə)

 

(Ya Məhəmməd!) De ki: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybini bilmək ancaq Ona məxsusdur. O, hər şeyi necə gözəl görür, necə də yaxşı eşidir! Onların (yer və göy əhlinin) Allahdan başqa heç bir hamisi yoxdur. O, heç kəsi öz hökmünə (səltənətinə) şərik etməz!” Çünki Allahın heç bir şərikə ehtiyacı yoxdur!

(Əl-kəhf surəsi 26-cı ayə)